IMAGE

Ədliyyə Nazirliyi narkomaniya ilə mübarizə tədbirlərinə dair ictimai müzakirə keçirib

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 26-da Ədliyyə Nazirliyi tərəfindən “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları üzrə aparılan mübarizə tədbirləri” mövzusunda onlayn ictimai müzakirə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, nazirliyin feysbukdakı səhifəsində canlı yayımlanan tədbirdə Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin rəisi Elvin Aslanov, bioloji ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirova, psixoloji ekspertiza şöbəsinin eksperti Nilufər İsmayılova və Tibb baş idarəsinin inspektoru – narkologiya üzrə həkim Fərman Fərmanov iştirak ediblər.

Tədbirdə son dövrlər ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları üzrə aparılan mübarizə tədbirlərindən danışılıb. Bildirilib ki, narkomanlıq cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, eyni zamanda, insanların həyat və sağlamlığına böyük təhlükə törədən, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Ölkəmizdə bu sosial bəlaya qarşı ciddi mübarizə aparılır. Xüsusilə son dövrlər narkotik tərkibli dərman istifadəçilərinin sayının artması mübarizə tədbirlərinin daha da gücləndirilməsini zəruri edir.

Çıxış edənlər narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunvericilik bazasından, Məhkəmə Ekspertizası Mərkəzində aparılan narkotik vasitələrin, psixotrop maddələrin ekspertizasından danışıblar. Qeyd edilib ki, mərkəzdə olan müasir avadanlıqlar narkotik maddələrin ekspertizasını yüksək səviyyədə aparılmasına imkan verir. Məhkəmə-bioloji ekspertizası, bitki mənşəli maddələrin tədqiqi, narkotik təbiətli bitkilərin və onlardan hazırlanmış narkotik vasitələrin tədqiqat metodu, təbii narkotik vasitələrin rəng testləri, nazik təbəqəli xromatoqrafiya ilə ekspertizaları aparılır.

Müzakirələr zamanı yeni narkotik vasitələr, psixotrop maddələrin zərərləri barədə məlumat verilib. Vurğulanıb ki, son zamanlar “patı” adlanan narkotik vasitədən istifadə halları artır. Təəssüf ki, bu vasitədən istifadə qadınlar və uşaqlar arasında da geniş yayılıb.

Tədbirdə xüsusilə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları üzrə aparılan mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunulub.

Onlayn ictimai müzakirədə, həmçinin sosial şəbəkə istifadəçilərini maraqlandıran suallar cavablandırılıb.

edliyye2020az
iacca
help_az
iap
eplc