Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər növbəti müsabiqəyə dəvət edilirlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində iqtisadi münasibətlərin inkişafı notariat institutunun əhəmiyyətini artırmaqdadır. Notariat fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bu istiqamətdə müasir innovasiyalar tətbiq olunaraq ardıcıl tədbirlər görülür, həmçinin notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması davam edir.

Bununla bağlı Ədliyyə Nazirliyinin Mətbuat xidməti bildirir ki, Ağcabədi, Gədəbəy, Xaçmaz, İmişli, Kürdəmir, Lənkəran, Şamaxı, Ucar, Zərdab rayonlarında, habelə Gəncə və Mingəçevir regional “Asan xidmət” mərkəzlərində notarius vəzifələrində fəaliyyət göstərmək üçün şəhadətnamə almaq istəyən "Notariat haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları Ədliyyə Nazirliyi tərəfindən növbəti açıq müsabiqəyə dəvət edilirlər.

Xatırladırıq ki, müsabiqənin birinci mərhələsi - test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə fərdi qaydada, kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat dərhal yerindəcə təqdim olunacaqdır.

Qanunvericiliyin tələbinə uyğun olaraq test imtahanından zəruri keçid balını toplayan namizədlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar. Müsahibədə uğur qazanan hüquqşünaslar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar, bu zaman onlar həmçinin, notariat fəaliyyəti üzrə təcrübə də keçirlər. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə verilir.

Bildirilir ki, müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında xüsusi hazırlıq kursları təşkil olunacaqdır.

İmtahanda iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2022-ci ilin yanvar ayının 17-dən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.

Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında (www.justice.gov.az) tanış olmaq, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.

Test imtahanının vaxtı və yeri barədə əlavə informasiya veriləcəkdir.

edliyye2020az
iacca
help_az
iap
eplc