IMAGE

Hüquqi aktların vahid elektron bazasının “E-qanun” mobil tətbiqinin ictimai təqdimatı keçirilib

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər davam etdirilir.

Son illər istifadəyə verilmiş və vətəndaş məmnunluğu doğuran “Mobil notariat”, “Mobil məhkəmə” tətbiqləri ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin edir, onların vasitəsilə aidiyyəti əməliyyatlar məsafədən daha asan, rahat və çevik həyata keçirilir.

Bu sahədə tədbirlərin davamı olaraq əhalinin normativ aktlar barədə məlumatlandırılması, onların mətni ilə rahatlıqla tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən on minlərlə normativ sənədi ehtiva edən “Hüquqi aktların vahid elektron bazası” (E-qanun.az) aparılır, interaktiv rejimdə fəaliyyət göstərərək daim yenilənir.

AZƏRTAC xəbər verir ki, həmin informasiya resursunun insanların əlçatanlığını və rahatlığını təmin etmək üçün yeni mobil “E-qanun” tətbiqi hazırlanıb və sentyabrın 9-da bu innovasiyanın ictimai əhəmiyyətinə və funksional imkanlarına dair Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə geniş ictimai təqdimat keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Ombudsman Aparatının, Baş Prokurorluğun, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının məsul şəxsləri, Milli Məclisin deputatları, hakimlər, sahibkarlar və bank sektorunun təmsilçiləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və hüquqşünas tələbələr, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Təqdimatda Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərin bütün sahələrini əhatə etməklə yeni mühüm qanunların, fərmanların, strategiyaların və digər hüquqi aktların qəbul olunması ilə müşayiət olunur. Milli qanunvericiliyimiz dinamik inkişaf edir və Ədliyyə Nazirliyi də qanunvericilik bazasının təkmilləşdirilməsi prosesində daim fəal iştirak edir, əhalinin hüquqi biliklərinin artırılması və qanunvericilikdəki yeniliklərlə bağlı məlumatlılığın təmin olunması məqsədilə hüquqi aktların vahid elektron bazasını aparır.

“E-qanun” mobil tətbiqi normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. İstifadəsi çox asandır. İstənilən yerdə, istənilən vaxt qanunvericilik aktının mətni ilə ani rejimdə tanış olmaq, əldə etmək mümkündür. Tətbiq telefona asanlıqla yüklənir, müxtəlif platformalar üzərindən heç bir qeydiyyat tələb olunmadan yükləyib ondan yararlanmaq olar”, - deyə A.Sabitova vurğulayıb.

Nazirliyin Qanunvericilik baş idarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyev elektron bazada respublikanın qanunvericilik sisteminə daxil olan aktların mətnləri ilə yanaşı, Ali Məhkəmənin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Tarif Şurasının, habelə BMT-nin Təhlükəsizlik Şurasının bəzi qərarlarının da yerləşdirildiyini diqqətə çatdırıb. Hüquqi aktların vahid elektron bazasında 50 minə yaxın sənədin yer aldığını söyləyən şöbə rəisi bildirib ki, həmin sənədlərin mətinləri ilə tanış olmaq üçün hər il sayta istifadəçilər tərəfindən milyonlarla giriş və baxış həyata keçirilir: “Girişlərin sayı 2019-cu ildə 2 milyon, 2020-ci ildə 2 milyondan çox, 2021-ci ildə 3 milyona yaxın, bu ilin 8 ayı ərzində isə artıq bu rəqəm 2 milyona çatıb. Artım tendensiyası baxışların sayında da mövcuddur. Sayta baxış sayı 2019 və 2020-ci illərin hər birində 9 milyondan çox olub, bu ilin 8 ayı ərzində isə artıq 8 milyonu ötüb. Bu il ərzində “e-qanun.az” saytına girişlərin 90 faizi Azərbaycandan, 10 faizi isə digər ölkələrin ərazisindən olub. Bura Fransa, ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya və Gürcüstan daxildir. Girişlərin təxminən 60 faizi kompüter, 40 faizi isə mobil cihazlar vasitəsilə həyata keçirilib”.

Sonra “E-qanun.az” mobil tətbiqinin funksional imkanlarına dair təqdimat nümayiş etdirilib. Nazirliyin innovasiyaları barədə məlumat verən İnformasiya kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə diqqətə çatdırıb ki, mobil tətbiq günün istənilən saatında məkana bağlı olmadan kiçik cihazlarda normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. “E-qanun” mobil tətbiqi həm “İOS”, həm də “Android” platforması üçün uyğundur. Mobil tətbiq “Google Play” və “Applestore” elektron mağazalarından ödəniş tələb edilmədən yüklənilir və heç bir istifadəçi adı və şifrə tələb olunmadan istifadə edilir. Sadə və asan olmaqla intuitiv formada idarə olunan bu tətbiqdə “E-qanun.az” saytında olan bütün bölmələr və funksiyalar var.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mobil və rəqəmsal mediasiya quruculuğunda Ədliyyə Nazirliyinin mobil tətbiqlər üzrə mütərəqqi təcrübəsinin öyrənilərək tətbiq ediləcəyini qeyd edib. “Mediasiya işlərinin rəqəmsallaşdırılması istifadəçilər üçün rahatlıqdan əlavə statistikaların daha dəqiq aparılmasına, mediator və təşkilat arasında iş prosesinin əlverişli təşkilinə və mediatorlarının işlərinin elektron sistem üzərindən optimallaşdırılmasını təmin edəcək”,- deyə İdarə Heyətinin sədri vurğulayıb.

Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Nurlan Həsənov, Razi Nurullayev, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Sumqayıt Regional Vəkil bürosunun müdiri Anar Qasımlı, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təqdimat mərasimində çıxış edərək vətəndaşların əlçatanlığının asanlaşdırılması məqsədilə qanunvericilik aktlarını mobil qaydada dərhal əldə etməyə imkan verən mobil “E-qanun” tətbiqinin istifadəyə verilməsini yüksək qiymətləndiriblər.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

iacca
help_az
iap
eplc