“Heydər Əliyev və yerli demokratiya”

“Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”.

Heydər Əliyev

Ümummilli lider

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür.

Ümummilli lider daima Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.

XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyevin idarəetmə siyasətinin başlıca istiqaməti, ideyası xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyəllənmişdir. Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Ulu öndərin başçılığı altında müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Azərbaycan xalqının və Azərbaycan dövlətinin bilavasitə köklü mənafeləri ilə bağlı məsələlərin, xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, hakimiyyətin bölgüsü, hüququn aliliyi, mülkiyyətin bütün növlərinə bərabər hüquqi status verilməsi ilə onun toxunulmazlığı və s. mütərəqqi bəşəri dəyərlərin, əsas insan hüquq və azadlıqlarının Konstitusiyada təsbit olunması ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, o, müasir dövlət quruculuğu üçün tələb olunan, demək olar ki, bütün prinsipial məqamları özündə əks etdirir. Konstitusiyanın qəbul edilməsindən sonra ölkə həyatının bütün sahələrində irimiqyaslı dəyişikliklər baş verərək birbaşa xalq tərəfindən seçilən qanunverici orqanın və Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən, dövlətçiliyin varisliyini təmin edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan prezident institutu formalaşmış, dövlət hakimiyyət orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, Konstitusiya əsasında cəmiyyət və dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqi akt qəbul edilmişdir. Konstitusiya müddəalarının reallaşdırılması istiqamətində həyata keçirilən ən mühüm nailiyyətlərdən biri mülkiyyətin dövlət, bələdiyyə və xüsusi olmaqla 3 formasının yaradılması, xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlar olmuşdur.

Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu - bələdiyyə orqanları yaradılmış və fəaliyyətə başlamışdır.

Konstitusiyanın qəbulundan sonra “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının müddəaları ilə milli, yerli xüsusiyyətlər uzlaşdırılmaqla bələdiyyələrin, bələdiyyə üzvləri və qulluqçularının statusunu, yerli özünüidarənin maliyyəsinin əsaslarını, bələdiyyə əmlakının hüquqi rejimini və bir sıra başqa mühüm münasibətləri tənzimləyən qanunvericilik aktları, o cümlədən “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası qanunları qəbul edilmişdir. Beləliklə, Azərbaycan Respublikası ərazisində ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı əsaslı hüquqi baza formalaşdırılmışdı. Bütövlükdə isə Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə yerli özünüidarəetmə sahəsini tənzimləyən 22 qanun və onlarla başqa normativ hüquqi aktlar qəbul edilmişdir.

Ölkəmizdə ilk dəfə 1999-cu ilin dekabrda keçirilən bələdiyyə seçkilərində 20454 bələdiyyə üzvü seçilərək 2667 bələdiyyə fəaliyyətə başlamışdır. Bələdiyyə institutunun önəmini yüksək qiymətləndirən ulu öndər seçkilərin şəffaf, mütəşəkkil keçirilməsinin təmin olunmasını şəxsi nəzarətində saxlayaraq seçki öncəsi xalqa müraciətində vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırmışdır.

Ümummilli liderimiz Heydər Əliyev yerli özünüidarəetməni ölkəmizdə gedən demokratiya prosesinin mühüm bir sahəsi kimi dəyərləndirərək bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən etmiş, onun inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yerli özünüidarəetmə haqqında danışarkən bu strukturun bizim ölkəmizdə demokratik proseslərin vacib hissəsi, mühüm istiqaməti olduğunu xüsusi vurğulayırdı. O, qeyd edirdi ki, özünüidarəetmənin səlahiyyətli, müstəqil orqanları demokratiyanın inkişaf şərti və eyni zamanda dövlətin idarə edilməsində vətəndaşlar üçün imkanlar yaradılmasının göstəricisidir.

Ümummili liderimiz bələdiyyələrin formalaşması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəmirdi.

Yerli özünüidarəetmə ilə bağlı məsələlərə ümummilli liderin xüsusi qayğısının nəticəsi olaraq onun 2000-ci il 8 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmış və Mərkəzin əsas məqsəd və vəzifələri kimi yerli özünüidarə orqanlarının üzvləri və həmin orqanların icra aparatlarının işçilərinin bələdiyyələr haqqında qanunvericiliyin öyrənilməsinə, onların fəaliyyətinin müasir tələblərə və hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə kömək göstərilməsi müəyyən edilmişdir.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna uyğun olaraq Ədliyyə Nazirliyinin üzərinə qoyulan mühüm vəzifələrdən biri də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsidir. İnzibati nəzarət yerli demokratiyanın inkişafına xidmət edən hüquqi vasitədir və onun səmərəli həyata keçirilməsi olduqca vacibdir. Yerli özünüidarə orqanları üzərində istənilən inzibati nəzarət yalnız konstitusiya ilə yaxud qanunla nəzərdə tutulmuş formalarda və hallarda, bir qayda olaraq, yalnız qanunçuluğa və konstitusiya prinsiplərinə riayət olunmasını təmin etmək məqsədilə həyata keçirilməlidir. Bu baxımdan ölkə başçısı cənab İlham Əliyevin 2006-cı ildə imzaladığı fərman və sərəncamları ilə Ədliyyə Nazirliyinin bu funksiyasını bilavasitə həyata keçirən Bələdiyyələrlə İş Mərkəzinin statusu yüksəldilmişdir.

Ötən müddət ərzində ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, yerli özünüidarəetmə daha da təkmilləşmişdir.

Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi ilə də dünyanın diqqət mərkəzindədir.

Ötən illər ərzində ölkəmizdə həyata keçirilən hərtərəfli mütərəqqi islahatlar demokratik təsisatların möhkəmlənməsinə, daha səmərəli idarəetmə mexanizminin yaradılmasına, demokratik ənənələrin, dövlət idarəçiliyində əksmərkəzləşmənin dərinləşməsinə imkan yaratmışdır.

Bu illər ərzində yerli özünüidarəetmə orqanları da özünəməxsus inkişaf yolu keçərək ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında mühüm rol oynamışlar.

Vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsi, şəffaflığın təmin edilməsi məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, ictimai iştirakçılığın əsas məqsədləri kimi yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması və əsas insan və vətəndaş hüquqlarının qorunması müəyyən edilmişdir.

Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Ölkəmizdə açıq hökumətin təşviqi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması məqsədilə qəbul edilmiş milli fəaliyyət planları, milli strategiyaların uğurlu icrası, görülmüş sistemli tədbirlər ölkə həyatının müxtəlif sahələrində öz müsbət təsirini göstərmişdir.

Qəbul edilən konsepsiyalarda bələdiyyələrin potensialının gücləndirilməsi və bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması məsələləri prioritet məsələlərdən olmuş, bir çox dövlət proqramlarında bələdiyyələrin inkişafını təmin edən, onların yerli əhali qarşısında məsuliyyətini artıran mühüm tədbirlər müəyyən edilmişdir. Əhalinin bələdiyyələrlə sıx əlaqələrinin qurulması, özünüidarə işlərində onların getdikcə daha fəal iştirak etmələri, bələdiyyə idarəçiliyinə əhalinin maraq və inamının artması ümummilli lider tərəfindən seçilmiş yolun düzgünlüyünü və dönməzliyini göstərir.

Bu tədbirlərin davamı olaraq dövlət başçısının 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunmasına yönəlmişdir. Milli Fəaliyyət Planında bələdiyyə institutunun inkişafı məsələləri diqqətdən kənarda qalmamış, yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi sahəsində bələdiyyələrin milli assosiasiyalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən ictimai şuranın yaradılması, kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından istifadə etməklə yerli büdcənin hesabatlılığının təmin edilməsi, bələdiyyələrlə iş portalının yaradılması kimi tədbirlər əksini tapmışdır. Qeyd edilən tədbirlərin əsas icraçılarından biri kimi Ədliyyə Nazirliyi müəyyən edilmiş və həmin məsələlərin icrası istiqamətində işlər başlanılmışdır.

Xüsusilə vurğulanmalıdır ki, ölkə başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da yerli özünüidarəetmə sahəsinə diqqət göstərilərək bələdiyyələrin kadr potensialının gücləndirilməsi, bələdiyyə idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə yerli özünüidarəetmə orqanlarının aparatlarında çalışan işçilərin kurslara, treninqlərə və təlimlərə cəlb edilməsi, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq təcrübə mübadiləsinin təşkil edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr qoyulmuşdur.

Eyni zamanda istər milli mənəvi dəyərlərin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəlməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı sahəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr əhalinin rifahının artırılmasında, sosial məsələlərin həllində xüsusi rol oynayır. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq cəmiyyətimizdə qadınların fəallığı kifayət qədər artıb, onlar bütün sahələrdə yüksək aktivlik nümayiş etdirərək ciddi nailiyyətlər əldə ediblər. Yerli özünüidaretmə sahəsində bu aktivlik əhəmiyyətli dərəcədə hiss olunur. Ötən illər ərzində keçirilən hər bələdiyyə seçkisində seçilən bələdiyyə üzvləri sırasında qadınların, gənclərin sayında artım müşahidə edilmişdir. 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkiləri nəticəsində seçilən qadın bələdiyyə üzvləri bütün üzvlərin 39 %-ni, gənclər isə 40%-ni təşkil etmişdir.

Qeyd olunmalıdır ki, dövlətin bələdiyyələrə qayğısı bunlarla kifayətlənmir. Belə ki, dövlət tərəfindən bələdiyyələrin maliyyə vəziyyətinin gücləndirilməsi istiqamətində investisiya mühitini yaxşılaşdırmaqla və səmərəli iqtisadi siyasəti həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaradılması, həmçinin dövlət büdcəsindən dotasiya və subvensiya ayrılması yolları ilə yerli özünüidarəetmə orqanlarına maliyyə dəstəyi də göstərilir. Yerli büdcələr üçün subvensiya ayrılması, dotasiyanın bölgüsü zamanı şəffaflıq və ədalətlilik prinsiplərinin gücləndirilməsi məqsədilə2014-cü il 20 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilərəkdövlət büdcəsindən yerli büdcələrə subvensiya ayrılması qaydaları təkmilləşdirilmiş, eləcə də, bələdiyyələrə subvensiyanın ayrılmasının dövlət büdcəsində ayrıca sətirlə göstərilməsi müəyyən edilmişdir. Qanunun 34.4-cü maddəsi yeni redaksiyada verilərək dotasiyaların hesablanmasında nəzərə alınmalı olan kriteriyalar dəqiqləşdirilmişdir. Hər il dövlət büdcəsindən bələdiyyələrə ayrılmış dotasiyalar yerli büdcənin kəsirlərinin ödənilməsi, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərmişdir. İlk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsindən 4 bələdiyyənin layihələri üçün 1 milyon manat subvensiya ayrılmış və həmin layihələr uğurla icra edilmiş, 140-dan çox iş yeri açılmış, bələdiyyələr üçün yeni gəlir mənbələri yaradılmışdır. 2020-ci ilin dövlət büdcəsində isə yerli büdcələr üçün nəzərdə tutulmuş dotasiya və subvensiyaların məbləğinin əvvəlki illə müqayisədə daha çox müəyyən edilməsi dövlətin yerli özünüidarəetmə orqanlarına etimadının göstəricisi olmaqla, bələdiyyələrin maliyyə imkanlarının güclənməsinə, ölkəmizin hərtərəfli inkişafı şəraitində bələdiyyələrin fəallığının yüksəlməsinə, bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına öz müsbət təsirini göstərəcəkdir. Hazırda subvensiya ayrılmış 6 bələdiyyə layihələrinin icrasına başlanılmışdır.

Məlumdur ki, 2019-cu ildə yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 20 ilinin tamam olması, eləcə də demokratik, şəffaf, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən olmuşdur.

Ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Həyata keçirilən mühüm dövlət proqramlarında icra orqanları ilə bərabər bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsinə yeni bir stimul yaradır. Son illər bir çox qanunlara edilmiş dəyişikliklər bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə, onların mülkiyyətinin, ərazilərinin müəyyənləşdirilməsinə xidmət edir. Ümumilikdə bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına hərtərəfli şərait yaradır.

Təməli və əsas prinsipləri Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasını uğurla həyata keçirən dövlət başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyi bir şəraitdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və yerli sosial-iqtisadi məsələlərin həllində onların iştirakının genişləndirilməsi ilə yerli özünüidarəetmənin səmərəliliyinin daha da artırılması üçün davamlı işlər aparılır.

Məlumdur ki, hazırda bütün dünyada geniş vüsət almış koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Covid-19 virusunun daha geniş yayılmasının qarşısının alınması, itkilərin minimuma endirilməsi, yaranmış sosial gərginliyin azaldılması, yüz minlərlə vətəndaşlara, həmçinin sahibkarlara maddi dəstək göstərilməsi məqsədilə geniş sosial tədbirlərin həyata keçirilməsi, pandemiyadan sonrakı dövr üçün iqtisadi layihələr paketinin hazırlanması yönündə ardıcıl tədbirlər görülür. Dövlət başçısının çıxışlarında da vurğulandığı kimi, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Bu istiqamətdə ölkəmizdə xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlər gücləndirilmiş rejimdə davam etdirilir.

Ulu öndər ideyalarını daim fəaliyyətində rəhbər tutan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu çətin günlərdə xalqın yanında olaraq minlərlə insana maddi və mənəvi dəstək olur, bu amansız virusla səmərəli mübarizə üçün zəruri avadanlıqların, o cümlədən ixtisaslaşmış laboratoriyaların, süni nəfəs aparatlarının ölkəyə gətirilməsi və s. digər əhəmiyyətli layihələrinin reallaşdırılmasında misilsiz fəaliyyət göstərir.

Azərbacan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, virusla mübarizə aparan digər ölkələrin təcrübələri nəzərə alınaraq xüsusi karantin rejimi tətbiq edilmiş və qaydalar müəyyən edilmişdir.

Məhz dövlət başçısının əhalinin sağlamlığının və həyatının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçün heç bir tərəddüdsüz, qabaqcadan ciddi tədbirlər görülməsinə start verməsi xalqımızı bu virusa kütləvi yoluxma və böyük itkilərdən qorudu. Həyata keçirilən bütün tədbirlər nəticəsində pandemiyaya qarşı mübarizədə formalaşan mütərəqqi Azərbaycan təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatı və digər mötəbər qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

Bu mübarizədə dövlət orqanları ilə yanaşı, bələdiyyələrin də üzərinə müəyyən vəzifələr düşür. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyələrin başlıca vəzifəsilərindən biri də yerli əhalinin sosial-iqtisadi problemlərinin həllində iştirak etməkdir. Bu çətin dövrdə bir sıra bələdiyyələr tərəfindən ərazilərində yaşayan aztəminatlı ailələrə, 65 yaşdan yuxarı insanlara kömək məqsədilə ərzaq bağlamaları paylanılır, habelə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin edilməsi məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr verilir. Pandemiyaya qarşı mübarizədə bələdiyyələr özlərinin bütün imkanlarından istifadə edərək dövlət orqanları ilə sıx əməkdaşlıq etməli, bu işdə hər bələdiyyə üzvü, bələdiyyə qulluqçusu şəxsi davranışı ilə başqalarına örnək olmalı, yerli özünüidarəetmə orqanının adına ləkə gətirə biləcək hərəkətlərdən çəkinməlidirlər.

Ədliyyə Nazirliyi də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının ölkəmizdə aparılan mütərəqqi islahatların ruhuna uyğun daha səmərəli fəaliyyət göstərməsi üçün tədbirləri davam etdirir.

 

 

Rəhman Məmmədov

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Bələdiyyələrlə İş Mərkəzinin rəisi

baş ədliyyə müşaviri

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez