İcarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması haqqında

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin nəticələri ümumiləşdirilərkən bir sıra bələdiyyələrin icarədə olan torpaq sahələrinin icarə haqlarının real bazar qiymətindən xeyli aşağı olması məlum olmuşdur.

Bələdiyyə mülkiyyətinə aid icarəyə verilən torpaq sahələri barədə toplanmış məlumatlar öyrənilərkən məlum olur ki, torpaq bazarında icarə haqlarında əsaslı artımların baş verməsinə baxmayaraq, icarəyə verilmiş torpaq sahələrinin icarə haqları bazar qiymətinə uyğunlaşdırılmamışdır. Baxmayaraq ki, respublikamızda sosial-iqtisadi inkişaf, eləcə də bütün sahələrdə aparılan islahatlar bələdiyyələrin fəaliyyətinin genişləndirilməsinə, bunun üçün isə ilk növbədə yerli büdcələrin imkanlarının gücləndirilməsinə diqqətin artırılmasını labüd etmişdir.

Qeyd olunur ki, həmin bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən bu məsələyə etinasız yanaşılması bələdiyyənin maliyyə imkanlarının xeyli zəifləməsinə gətirib çıxarır ki, nəticədə yerli büdcələr əhəmiyyətli vəsaitlərdən məhrum edilərək, bələdiyyə mənafeyinə mühüm ziyan vurulur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 717.1-ci maddəsinə əsasən əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər.

Həmin Məcəllənin 717.4-cü maddəsinə əsasən əgər iştirakçılardan biri müqavilə şərtlərinin dəyişdirilməsinə razılıq vermirsə, digər iştirakçı bu razılığın məhkəmə qərarı ilə əvəz edilməsi barədə məhkəməyə iddia verə bilər.

Göstərilənlər nəzərə alınaraq bələdiyyə mülkiyyətinə aid bazar qiymətindən aşağı qiymətə icarədə olan torpaq sahələrinin icarə haqlarının qarşılıqlı razılaşma əsasında hazırkı qiymətlərə uyğunlaşdırılması üçün bələdiyyə iclasına əsaslandırılmış məsələ çıxararaq müzakirə edilməsi, müvafiq bələdiyyə qərarı əsasında qarşı tərəfə müraciət edilməsi, razılaşma olmadıqda isə müvafiq məhkəmələrdə iddia qaldlrılması tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyələrə metodoloji kömək məqsədi ilə məsələ üzrə bələdiyyə qərarının, icarədarlara müraciətin və məhkəməyə veriləcək iddianın nümunələri hazırlanmışdır.

Qeyd olunan nümunələr xidməti istifadə üçün əlavə olunur.

 

Qoşma: 4 vərəq

Bələdiyyələrlə iş mərkəzi


Nümunələr

edliyye2020az
iacca
help_az
iap
eplc