Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” barədə

Məlum olduğu kimi bir ildən artıq müddətdir ki, dünya dövlətləri və olkəmizdə COVİD-19 xəstəliyinə qarşı davamlı mübarizə aparılmaqdadır. COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir.

Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan Respublikası da yer almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilmişdir. 2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bununla yanaşı pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, səhiyyə işçilərinin əmək haqqlarının artırılması, özəl klinikaların əksepidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması (2020-ci il 1 oktyabr tarixinə - 1.47 faiz) aparılmış əksepidemik tədbirlərin səmərəliliyini əks etdirir. Əksepidemik tədbirlərin dövlət tərəfindən idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alınmışdır. Koronavirusla mübarizə çərçivəsində görülən işlərdən biri kimi Cənab Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış “Koronavirusla

Mübarizəyə Dəstək Fondu”nu da göstərmək olar Belə ki, Fondun yaranmasında məqsəd Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olmuşdur. Fonda daxil olan vəsaitdən istifadə qaydaları koronavirusa qarşı mübarizədə tibb sahəsində işləyən işçilərin mükafatlandırılması və onlara maddi yardımın göstərilməsinə, tibb müəssisələrinin infrastukturunun gücləndirilməsinə, onların maddi texniki bazasının təkminləşdirilməsinə, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində mütəxəssislərin hazırlanması, təbliğat və maarifləndirmə işlərinin aparılmasına və s. yönəlmişdir.

Pandemiyanın davam etməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll edilməli olduğunu nəzərə alaraq ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olması bəyan edilmişdir. Hazırda bir sıra ölkələrdə yeni hazırlanmış vaksinlərin müxtəlif kliniki sınaq mərhələləri istiqamətində müşahidələr aparılır. Gözlənilir ki, vaksinasiya nəticəsində SARS-CoV-2 virusunun ötürülmə zəncirinin pozulması insanlar arasında xəstələnmə hallarının kəskin azalmasına və mövcud xəstəliyin səhiyyə sisteminə mənfi təsirinin aradan qaldırılmasına səbəb olacaqdır. COVID-19 xəstəliyinə qarşı hazırlanan vaksinlər mövcud vaksinlərdən fərqli olaraq yeni elmi platformalarda tam yeni molekulyar texnologiyalar əsasında işlənilib hazırlanılır.

Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Belə ki, koronavirusla bağlı mübarizə sahəsində atılan uğurlu addımlar sırasında “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”ı təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s Sərəncamının qəbul edilməsi olmuşdur. Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.

Strategiyanın qanunvericilik bazasının əsasını təşkil edən “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən immunoprofilaktika sahəsinə aid dövlət siyasətinin icrası bütün vətəndaşlar üçün profilkatik peyvəndlərin zəruriliyi, dövlət və bələdiyyə tibb müəssisələrində əhalinin profilaktik vaksinasiyasının pulsuz aparılması, məqsədli dövlət proqramlarının və regional proqramların həyata keçirilməsi, əhali arasında maarifləndirmə tədbirlərinin aparılması və s. prinsiplər əsasında həyata keçirilir. COVID-19 xəstəliyinin törədicisi SARS-CoV-2 virusunun əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsir etməklə iqtisadi tarazlığın pozulmasına gətirib çıxarmışdır.

Strategiyanın keçirilməsinin əsas məqsədi hazırda geniş yayılmış COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır. COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın uğurlu icra edilməsi üçün Strategiya könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələlilik, ədalətlilik, məsuliyyət, əməkdaşlıq kimi pirinsiplərə əsaslanır.

Strategiyanın əsas hədəfini epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılmasına nail olmaq təşkil edir.

Strateji hədəflərə nail olmaq üçün Strategiyanın vaksinasiyanın həyata keçirilməsində Strategiyaya, ÜST-ün tövsiyələri və beynəlxalq təcrübə nəzərə alınmaqla, mövcud qanunvericiliyə əsaslanması, əhali arasında vaksinasiyanın əhatə dairəsini genişləndirmək üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, vaksinasiya üzrə bütün beynəlxalq əməkdaşlıq platformalarından effektiv istifadə edilməsi, vaksinasiyanın hazırlıq mərhələsində, həyata keçirilməsində və postvaksinal dövründə mövcud səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi, vaksinasiya nəticələrinin qiymətləndirilməsi istiqamətində qısa və uzunmüddətli monitorinq indikatorlarının hazırlanması və tətbiq edilməsi kimi vəzifələri müəyyən edilmişdir.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə sosial və tibbi cəhətdən yüksək risk qruplarının mərhələli şəkildə mümkün qədər tam əhatə olunması və daha sonra ümumi əhali arasında vaksinasiyanın könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulmuşdur.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ilkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyətinin, ikinci mərhələdə isə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunması nəzərdə tutulmuşdur.

Vaksin preparatlarının seçimində əsas meyar vaksin preparatlarının təhlükəsizliyi, vaksin preparatlarının effektivliyidir. Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər kimi “Soyuq zəncir” şəraiti - vaksinlərin ölkəyə gətirilməsi, saxlanılması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulması, məlumat bazası - COVID-19 vaksinasiyası üzrə genişməqsədli vahid məlumat bazasının (məs. e-Təbib üzərindən) hazırlanması və digər müvafiq məlumat bazaları ilə inteqrasiya edilməsi və məlumat bazasında toplanılan bütün məlumatların təhlil edilməsi, vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi, pasportlaşdırma - yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanmasını qeyd etmək olar.

Staretgiyanın həyata keçirilməsində maliyyə mənbələri kimi Azərbaycan Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanmış ianələrdən eyni zamanda müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Səhiyyə” bölməsidə nəzərdə tutulmuş vəsaitdən və Strategiyanın maliyyələşdirilməsi üçün qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən istifadə olunur. Strategiyanın icrası üzrə əsas fəaliyyət istiqamətləri həm səhiyyə sisteminin, həm də digər aidiyyəti dövlət qurumlarının hazırlığını nəzərə alaraq, onların reallaşdırılması üçün mərhələli şəkildə keçiriləcək tədbirlərini, icraya məsul dövlət orqanlarını, eləcə də icra müddətlərini müəyyən edir. Strategiyanın əsas fəliyyət istiqamədlərinə vaksinasiya prosesinin və infrastrukturunun hazırlanması, maliyyələşdirilmə, qiymətləndirmənin keçirilməsi, vaksinlərin seçilməsi, vaksinlərin saxlanılması üçün müvafiq şəraitin yaradılması, əhalinin mütəmadi olaraq maarifləndirilməsi və s. göstərmək olar.

Məlumat üçün bildirilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “COVID-19 vaksin randevu” (https://randevu.its.gov.az/) adlı yeni elektron xidmət istifadəyə verilib. Elektron xidmətin yaradılmasında əsas məqsəd tibb müəssisələrinin potensialına görə müraciətləri bölüşdürmək və insan axınını səmərəli idarə etməkdən ibarətdir. Eyni zamanda, onlayn növbə xidməti vətəndaşların vaxtına qənaət etməyə imkan yaradır, belə ki, onların bilavasitə peyvənd məntəqələrində gözləmə növbəsində sərf edəcəkləri vaxt minimuma enir. Randevu sistemi 65 yaş və üzəri, həmçinin, son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulmuşdur.

Göstərilənlərin nəzərə alaraq COVID-19 xəstəliyi ilə mübarizədə əhalinin sağlamlığının qorunması, ölüm hallarının azaldılması məqsədilə bələdiyyə üzvləri və bələdiyyə ərazisində yaşayan əhalinin “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçü Vaksinasiya Strategiyası” barədə maarifləndirilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

edliyye2020az
iacca
help_az
iap
eplc