«Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 02.01.2003-cü il tarixli Fərmanının 3-cü bəndinə əsasən qrant alınması haqqında müqavilələr (qərarlar) qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınırlar.
2008-cı il ərzində 277 qrant alınması haqqında müqavilələrin (qərarların) qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinə 254 müraciət edilmişdir.
277 müqavilə (qərar) üzrə Azərbaycan Respublikasının hüquqi şəxsi olan 170 resipiyent 69 donor təşkilatından (onlardan 10-u yerli donordur) 1 167 119 manat, 1 505 778 avro, 9 981 985 ABŞ dolları, 960 200 isveç kronu və 55 322 funt sterlinq məbləğində qrant almışdır.
Müvafiq dövr ərzində qrantlarla əlaqədar hüquqi maarifləndirmə işi aparılmış, dövlət qeydiyyatına alınmış bütün qeyri-kommersiya təşkilatlarına məktublar ünvanlanmış və qrantla bağlı qanunvericilik izah olunmuşdur.
Keçən il ilə müqayisədə qrant müqavilələri (qərarları) barədə məlumat təqdim edən təşkilatların və müqavilələrin sayında xeyli artım müşahidə olunur. Belə ki, 2007- ci il ərzidə ölkə üzrə dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının 4% qrant alması barədə məlumat təqdim etmişdirsə, 2008-cı il ərzində bu göstərcilər 5,1% olmuşdur.
Qrant müqavilələri (qərarları) təyinatına görə təhlil edilmişdir və qrantların əsasən aşağıdakı sahələr üzrə verildiyi müəyyən edilmişdir:
yerli özünüidarə məsələləri - 15,2%-i;
uşaq və gənclər problemləri ilə bağlı -11,8 %-i;
iqtisadi inkişaf - 11, 7%-i;
insan hüquqları -11, 3 %-i;
qadın problemləri ilə bağlı-7,2%
təhsil - 7 %-i;
xeyriyyəçilik- 4,5 %-i;
qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi - 4,4 %-i;
səhiyyə və əhalinin sağlamlığı - 4,3 %-i;
ekologiya və təbiəti mühafizə - 4,3 %-i;
korrupsiya ilə mübarizə - 3,8 %-i;
qaçqın və məcburi köçkün problemləri -2,5 %-i;
elm, mədəniyyət sahəsində-2,4%
KİV -1,2%-i;
digər sahələr -8,4 %-i.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223-1-ci maddəsinə əsasən qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə (1 ay) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə cərimə müəyyən olunmuşdur.
Qrant alınması haqqında müqavilələrin (qərarların) qanunvericiliklə tələb olunan müddətdə qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etməyən qeyri-kommersiya təşkilatlarının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı bir sıra tədbirlər görülmüşdür.
Belə ki, qanuvericiliyin tələbini pozduqlarına görə 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın 2.1-ci bəndinə zidd olaraq qrant alınması haqqında müqavilənin (qərarın) surətinin qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etmədiyinə görə 2008-cı ildə 24 təşkilat (bunlardan ikisi Gəncə və Şəmkir Regional ədliyyə şöbələri tərəfindən) cərimə olunmuşdur.
Tətbiq edilmiş intizam tənbeh nəticəsində 551 manat məbləğində vəsaitin ödənilməsi təmin edilmişdir.
16 dekabr 2008-ci il tarixdə qrant qanunvericiliyi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 223-1.1-ci və 223-1.2-ci maddələrinə dəyişikliklər edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə cərimənin məbləği min manatdan iki min beş yüz manatadək müəyyən edilmişdir.