03-12-2007 | 04:02 1470
Bu günlərdə Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Qonşuluq Siyasəti çərçivəsində ədliyyə sahəsinə dair Fəaliyyət Proqramının tərtibatı ilə bağlı Avropa Komissiyası ilə keçirilmiş ikitərəfli müzakirələrdə ölkəmizi respublika ədliyyə nazirinin müavini Toğrul Musayev təmsil etmişdir.
Avropa Komissiyası tərəfindən görüşdə Avropa, Cənubi Aralıq Dənizi zonası, Yaxın Şərq və Qonşuluq Siyasəti üzrə ofisinin direktoru Markus Kornaro iştirak etmişdir.
Görüş zamanı Milli İndikativ Proqram üzrə Avropa Komissiyası və Azərbaycan Respublikası arasında Anlaşma Memorandumunda nəzərdə tutulmuş Qanunun aliliyi və ədliyyə islahatları prioritet sahəsinə dair müzakirələr aparılmışdır.
Avropa Komissiyasında görüş |
Nazir müavini Avropa Komissiyasının nümayəndələrinə ölkəmizdə məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilən konkret tədbirlər, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş məhkəmə sisteminin müasirləşdirilməsi və ədliyyə orqanlarının inkişafı haqqında proqram xarakterli fərmanların əhəmiyyəti, o cümlədən Ədliyyə Akademiyası, yeni regional məhkəmələr və ədliyyə şöbələrinin yaradılması barədə ətraflı məlumat vermişdir. Milli qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması, insan hüquqlarının etibarlı müdafiəsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mubarizə üzrə aparılmış işlər onların diqqətinə çatdırılmışdır.
Avstriya Hüquq Təcrübə Mərkəzinin rəhbərliyi ilə görüş |
Avropa Komissiyasının nümayəndələri verilmiş məlumatları böyük maraqla qarşılamışlar və cənab Markus Kornaro ədliyyə fəaliyyətinə dair yeni layihələrin hazırlanmasında maraqlı olduqlarını bir daha qeyd etmişdir.
Müzakirələrin nəticəsi olaraq, ədliyyə sahəsinə dair Fəaliyyət Proqramının həyata keçirilməsinə artıq 2008-ci ildən başlanılması və bu məqsədlə Azərbaycana bu ay ekspert qrupunun göndərilməsi qərara alınmışdır.
Tədbirdə bölmə rəhbərləri Barbara Luke və Karla Montezi, həmçinin Komissiyanın digər məsul əməkdaşları da iştirak edirdilər.
Səfər çərçivəsində nazir müavini Toğrul Musayevin Avropa Komissiyası ilə sıx əlaqələri olan Avstriya Hüquq Təcrübə Mərkəzinin idarə heyətinin sədri Otto Oberhammer və icraçı direktoru Mario Turner ilə də görüşü keçirilmişdir. Ölkənin ən nüfuzlu və təcrübəli hüquqşünaslarını birləşdirən bu təşkilatın təsisçiləri Federal Ədliyyə Nazirliyi, Federal hüquqşünaslar, Dövlət notariusları Palataları və bəzi digər qurumlardır. Mərkəz Avstriyada elektron ədliyyə sistemi, Şərqi Avropanın bir sıra ölkələrində ədliyyə sahəsinin islahatları ilə bağlı proqramların müəllifidir. Nazir müavini tərəfindən təşkilatın rəhbərliyi ilə geniş fikir mübadiləsi aparılaraq əməkdaşlıq imkanları müzakirə olunmuşdur.