Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak edən namizədlərin nəzərinə

Ədliyyə Nazirliyinin kadr korpusunun yeni nəsil mütəxəssislərlə möhkəmləndirilməsi, onların layiqli dövlət qulluqçusu kimi formalaşması, bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür.

Dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarına gənc hüquqşünasların qulluğa qəbulu ilə bağlı aşkarlıq şəraitində, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mütəmadi müsabiqələr keçirilir.

Bu tədbirlər çərçivəsində bölgələrdə yerləşən Ədliyyə Nazirliyinin icra və probasiya, habelə qeydiyyat qurumlarında (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün elan edilmiş müsabiqə üzrə növbəti test imtahanının xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar fevral ayının 13-də keçirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı, həmin qurumlarda işləmək arzusunda olan şəxslərin ərizələrinin qəbulunun fevral ayının 10-da başa çatdırılması qərara alınmışdır.

Bildirilir ki, test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə müasir texnologiyalar tətbiq edilməklə, kompüter vasitəsilə, Mərkəzin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə iki qrupda - saat 10:00-da və 15.00-da başlanacaq imtahanda namizədlərə iştirak saatları barədə fərdi qaydada məlumat veriləcəkdir. İmtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

Qaydalara əsasən test imtahanının nəticəsinə görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi, həmçinin onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

Xatırladırıq ki, imtahana hazırlıqla bağlı "Yaddaş kitabçası", habelə test imtahanında kompüterdən istifadəyə dair Təlimat nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdirilib, habelə bu sənədlər nazirliyə və regional ədliyyə idarələrinə müraciət edənlərə təqdim olunur.

Qeyd edilir ki, arzu edən namizədlərə test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Ədliyyə Akademiyasında xüsusi hazırlıq kursları onlayn qaydada təşkil olunmuşdur.

Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.

edliyye2020az
iacca
help_az
iap
eplc