IMAGE

Cinayət işləri üzrə əməkdaşlığa dair beynəlxalq konfrans keçirilib

İyulun 23-də Avropa Şurasının 2020-2023-cü illər üzrə Mərkəzi Asiyada Qanunun Aliliyi Proqramı əsasında həyata keçirilən "Mərkəzi Asiyada İqtisadi Cinayətkarlığa qarşı Şəffaflığın və Fəaliyyətin Təşviqi" layihəsi çərçivəsində "Cinayət işlərində qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına həsr olunan beynəlxalq konfrans keçirilib.

Konvensiya üçüncü dövlətlər üçün açıq olduğundan Özbəkistanın bu sənədə qoşulmaq istəyi nəzərə alınaraq keçirilən tədbir Avropa Konvensiyasının mahiyyəti, əhəmiyyəti və implementasiyası prosedurları barədə həmin ölkənin aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq məqsədi daşıyır.

Özbəkistandan 90-dan çox nümayəndənin, o cümlədən Ali Məhkəmənin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Daşkənd Hüquq Universitetinin məsul rəhbər şəxslərinin qatıldığı konfransda Avropa Şurasının ekspertləri tərəfindən çıxışlar edilib.

Tədbirdə Cinayət məsələlərində əməkdaşlığa dair Avropa Konvensiyalarının icrası üzrə Ekspertlər Komitəsinin üzvü olan Azərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov məruzəçi qismində videoformatda iştirak edib.

Ölkəmizin nümayəndəsi çıxış edərək qeyd olunan Avropa Konvensiyasının implementasiyası və bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri, müvafiq sorğuların göndərilməsi qaydası, bu sahədə praktiki problemlər və yeni tendensiyalar barədə məlumat verib.

Eyni zamanda beynəlxalq təcrübəyə, Avropa Məhkəməsinin qərarlarına istinad olunaraq vurğulanıb ki, cinayət işləri üzrə beynəlxalq hüquqi yardımın videokonfrans vasitəsilə göstərilməsi məhkumların daşınması zəruriliyinin aradan qaldırılmasına və onların, həmçinin həssas qrupların təhlükəsizliyinin təmin olunmasına, maliyyə vəsaitinin qənaət edilməsinə və vaxt itkisinin azaldılmasına, məhkəmə proseslərinin, dindirmələrin daha səmərəli və dolğun aparılmasına xidmət edir.

Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən qanunvericiliyin təkmilləşdirilərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə cinayət işlərində videokonfransın keçirilməsi imkanının yaradılması barədə danışılıb.

Sonra konfrans iştirakçılarını maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb, Azərbaycanın bu sahədə təcrübəsinə böyük maraq göstərilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

edliyye2020az
iacca
help_az
iap
eplc