Avropa Şurası Yerli və regional hakimiyyətlərə məsul nazirlərinin Konfransı keçirilmişdir

Noyabrda 3-4-də Ukraynanın Kiyev şəhərində Avropa Şurası Yerli və regional hakimiyyətlərə məsul nazirləri Konfransının 17-ci Sessiyası keçirilmişdir.

İki ildən bir Avropa Şurası üzv dövlətlərinin birində təşkil olunan Sessiyada ölkəmizi ədliyyə nazirinin müavini Vilayət Zahirov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil etmişdir.

Tədbirdə Ukraynanın Baş naziri Nikolay Azarov, Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlüt Çavuşoğlu, Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Keiz Vizmor və digər yüksək səviyyəli şəxslər çıxış etmişlər.

Sessiyada yerli səviyyədə insan hüquqlarının təmin olunması, iqtisadi və maliyyə böhranı zamanı yerli özünüidarəetmə, transsərhəd əməkdaşlıq və digər aktual məsələlər müzakirə olunmuş, fikir və təcrübə mübadiləsi aparılmışdır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri tədbirdə çıxış edərək, ölkəmizdə aparılan hərtərəfli islahatlar barədə məlumat vermiş, dünyani iqtisadi böhran bürüdüyü illərdə də dövlətimizin intensiv sosial-iqtisadi inkişafının davam etdiyini vurğulamışdır. Çıxışda Ermənistanın ölkəmizə qarşı təcavüzünün transsərhəd əməkdaşlığın həyata keçirilməsində əsas maneə olduğu qeyd edilmişdir. Tədbirin sonunda Avropa Şurasının yerli və regional demokratiya sahəsində fəaliyyətinin genişləndirilməsini özündə əks etdirən Kiyev Bəyannaməsi qəbul edilmişdir.

Qeyd olunmalıdır ki, Bəyannamənin layihəsinə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yaradılmış qanunazidd rejimin təşviqinə və sərhədyanı əlaqələrin yaradılmasına dair təkliflər edilmiş, lakin Azərbaycan tərəfinin qəti tədbirləri nəticəsində Ermənistanın bu təxribatçı hərəkətlərinin qarşısı alınmışdır.

Səfər çərçivəsində Avropa Şurası və digər beynəlxalq təşkilatların rəsmi şəxsləri, habelə Ukrayna, Avstriya, Böyük Britaniya, Litva, Estoniya və s. ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilmiş, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

edliyye2020az
iacca
help_az
iap
eplc