IMAGE

Mobil notariat xidmətləri xarici ölkələrdə böyük maraq doğurur

Notariat sahəsində innovasiyaların tətbiqi fonunda elektron notariat xidmətləri üzrə Azərbaycan təcrübəsi xarici dövlətlərin notariat icmasında daim maraq doğurur.

Müasir xidmətlərin təşviqi çərçivəsində Azərbaycan Notariat Palatası ilə Ədliyyə Nazirliyinin nümayəndələrindən ibarət heyətin Türkiyə və Özbəkistan respublikalarına işgüzar səfərləri olmuşdur.

Türkiyə Notariuslar Birliyi tərəfindən təşkil edilən tədbirdə elektron reyestrlərin aparılması, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi proseduru və elektron sənəd dövriyyəsinin həyata keçirilməsi üzrə təqdimatlar keçirilmişdir.

Bundan əlavə notariat sahəsində digər birgə maraq doğuran məsələlər, xüsusilə notariat sənədlərinin yoxlanılması imkanları və ölkədaxili şəxsiyyət vəsiqələri (kimliklər) ilə notariat hərəkətlərinin rəsmiləşdiriməsinin mümkünlüyü istiqamətində müzakirələr aparılmışdır.

Tədbirdə nümayəndə heyətimiz tərəfindən “Elektron notariat” informasiya sisteminin imkanları, onun digər informasiya resursları ilə qarşılıqlı məlumat mübadilələri barədə məruzələr edilmiş, “Mobil notariat” tətbiqi vasitəsilə məsafədən notariat hərəkətlərinin rəsmiləşdirilməsi əyani nümayiş olunmuşdur. Təqdimat zamanı verilən məlumatlar tədbir iştirakçılarının marağına səbəb olmuş və onların çoxsaylı sualları cavablandırılmışdır.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti Ankara şəhərindəki notariat ofislərində notariat hərəkətlərinin aparılması, o cümlədən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqaviləsinin rəsmiləşdirilməsi və nəticədə vətəndaşlara yeni texniki sənədlərin verilməsi proseduru, eləcə də notariat hərəkətlərinin reyestrinin elektron qaydada aparılması təcrübəsi ilə yaxından tanış olmuşdur.

Özbəkistan səfəri zamanı nümayəndə heyətimiz Ədliyyə nazirinin müavini Əkbər Taşkulov tərəfindən qəbul edilmişdir. Cənab Ə.Taşkulov görüşdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Notariat Palatası tərəfindən notariat sahəsinin inkişafı istiqamətində görülən işləri və notariatın rəqəmsallaşdırılması səviyyəsini yüksək qiymətləndirmiş, öz ölkələrində müvafiq islahatların aparılmasında Azərbaycan təcrübəsinin böyük rol oynadığını xüsusi vurğulamışdır. Görüş zamanı “Mobil notariat” tətbiqinin imkanları, tətbiq vasitəsilə rəsmiləşdirilmiş notariat hərəkətlərinin statistik göstəriciləri, səyyar notariat keysi və icra qeydlərinin elektron qaydada aparılması barədə verilən məlumatlar həmkarlarda xüsusi maraq doğurmuş, cənab Ə.Taşkulov tərəfindən bu təcrübələrin öyrənilərək Özbəkistanda tətbiqinə dair aidiyyəti üzrə göstərişlər verilmişdir.

Özbəkistan Notariat Palatasının hazırladığı “Özbəkistan notariuslarının fəaliyyətində informasiya texnologiyalarından istifadə təcrübəsi və onun inkişafı” mövzusunda təqdimat zamanı Özbəkistan notariuslarının istifadə etdikləri informasiya sistemi, onun digər qurumların sistemləri ilə inteqrasiya imkanları, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi proseduru barədə geniş məlumat verilmişdir.

İşgüzar səfər zamanı Azərbaycan Notariat Palatası ilə Özbəkistan Notariat Palatası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadiləsinin aparılmasının hər iki ölkədə notariat fəaliyyətinin daha da səmərəli inkişafı etdirilməsinə öz müsbət töhvəsini verəcəyini ifadə etmişlər.

iacca
help_az
iap
eplc