IMAGE

Ədliyyə Nazirliyi “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişikliklərlə bağlı ictimai müzakirə keçirib

 Bakı, 15 sentyabr, AZƏRTAC

Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Bu baxımdan dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi feysbuk səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Ədliyyə Nazirliyi tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərlə bağlı onlayn ictimai müzakirə keçirilib.

Tədbirdə Ali Məhkəmənin hakimi İsmayıl Xəlilov, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov, nazirliyin Qanunvericilik baş idarəsi İqtisadi normativ aktlar idarəsinin böyük məsləhətçisi Aytən Məmmədova, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova qanunvericilikdə edilən son dəyişikliklər barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində islahatlar uğurla davam etdirilir. Bu sahədə mühüm “yol xəritəsi” olan dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə görülən ardıcıl tədbirlər ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə, şəffaflığın artırılmasına, vətəndaşlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə və onların əlçatanlığının genişləndirilməsinə yönəlib.

Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətinin təzahürü olmaqla bu sahədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi və məntiqi davamıdır.

Görülən tədbirlər çərçivəsində məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi məqsədilə "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklər olunub. Məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsi məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi texniki bazasının möhkəmləndirilməsinə yönəldilib.

Həmin dəyişikliklərin dürüst icrası məqsədilə Ədliyyə Nazirliyi tərəfindən zəruri tədbirlər görülür. Çıxış edənlər qanunvericilikdə edilən son dəyişikliklərin zərurəti barədə məlumat veriblər.

Qeyd edilib ki, dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən haqdır.

Məhkəmələr ədalət mühakiməsi ilə bağlı xidmət həyata keçirdiyi üçün ədalət mühakiməsinin xidməti ona uyğun olmalıdır. “Dövlət rusumu haqqında” Qanuna edilən dəyişikliklərə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən edilib. Bildirilib ki, bu dəyişikliklər 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir.

Məlumat verilib ki, Azərbaycan dövləti mübahisələrin alternativ həlli qaydasını qarşıya məqsəd qoyub. Bununla bağlı qanun qəbul olunub. Bu yaxınlarda “Mediasiya haqqında” Qanuna uyğun olaraq mediasiya prosesi başlayıb. “Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərin edilməsi mediasiyanın inkişafına birbaşa təkan verəcək. Vətəndaşlar mübahisəni məhkəmə qaydasında yox, barışıq yolu ilə həll etməyə sövq ediləcək. Mediasiyaya müraciət edən tərəflər peşəkar mediatorun köməyi ilə mübahisəni barışıq sazişi ilə yekunlaşdıra biləcəklər.

Vurğulanıb ki, qanuna edilən dəyişikliklər məhkəmələrdə əsassız iddiaların, iş yükünün azalmasına xidmət edəcək.

Məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiallaşdırılması, tələb edilən iddia məbləğlərinə mütənasib olaraq dövlət rüsumunun hesablanması məhkəmə sisteminin təkmilləşdirilməsinə və vətəndaşlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə gətirib çıxaracaqdır.

Nazirliyin rəsmi feysbuk səhifəsində canlı yayımlanan onlayn tədbirdə, həmçinin sosial şəbəkə istifadəçilərini maraqlandıran suallar cavablandırılıb.

edliyye2020az
iacca
help_az
iap
eplc