Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak edən namizədlərin nəzərinə

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı 2011-ci ilin noyabr ayının 19-da keçirilmiş test imtahanının nəticələrinə görə uğur qazanmış şəxslərin sənədlərinin toplanması və yoxlanılması başa çatmış və 122 namizəd müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılmışlar. Onların əksəriyyəti gənclərdir, təxminən yarısı respublikamızın müxtəlif bölgələrini təmsil edirlər.

Namizədlərlə Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət keçirilməsinə 2012-ci ilin yanvar ayının 10-dan başlanılması qərara alınmışdır.

Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə qaydalara müvafiq olaraq söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.

edliyye2020az
iacca
help_az
iap
eplc