Bələdiyyələrə əhatəli metodoloji köməklik göstərilməsi üzrə tədbirlər davam etdirilir

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan hərtərəfli islahatlar çərçivəsində yerli özünüidarəetmənin inkişafı üzrə ardıcıl tədbirlər görülür, bələdiyyələrin fəaliyyəti təkmilləşdirilir. Ədliyyə Nazirliyinin bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması məqsədilə həyata keçirdiyi inzibati nəzarətin səmərəliliyi artırılır, aşkar olunan xarakterik pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün əməli işlər aparılır, o cümlədən metodoloji kömək göstərilir.

Bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində fəaliyyətinin genişlənməsi üçün mühüm şərt olan yerli büdcə gəlirlərinin artırılması və büdcə vəsaitindən səmərəli istifadə olunmasına yönəlmiş metodoloji köməklik öz müsbət nəticəsini verir. Bununla bağlı cari ilin 9 ayı ərzində bələdiyyələrlə 80-dən çox seminar-müşavirə keçirilib.

Eyni zamanda, bələdiyyələrdə torpaq və əmlak vergisi üzrə uçotun, hesablamaların təkmilləşdirilməsi, vergilərin və yaranmış debitorların yığılması sahəsində ardıcıl iş aparılıb və nəticədə 270 minə yaxın torpaq və əmlak vergisi obyekti uçota götürülüb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Bakı bələdiyyələrinin büdcəsinə torpaq və əmlak vergisindən 2,6 milyon manat (67 %), regionlar üzrə bələdiyyələrə isə 925 min manat çox vəsait daxil olmuşdur.

Bəzi bələdiyyələrdə vergi ödəyicilərinə tədiyyə bildirişlərinin, vergi borcları barədə xəbərdarlıqların innovativ üsullarla göndərilməsinə başlanılıb, bu məqsədlə "sms-xəbər" xidməti tətbiq edilib. Bu təcrübənin digər bələdiyyələrə təşviqi üçün hazırda onun səmərəlilik səviyyəsi öyrənilir.

Bundan əlavə, bələdiyyələr tərəfindən pul tələbinə dair qəbul edilmiş inzibati aktların sayı 4 dəfə artıb, məcburi icraya yönəldilmiş bələdiyyə aktları üzrə icra qurumları tərəfindən 480 min manatdan çox vəsait borclulardan tutularaq yerli büdcələrə ödətdirilib.

Görülmüş tədbirlər nəticəsində torpaq icarə haqları üzrə əvvəlki illərdən qalmış debitor borclardan 1,7 milyon manatdan çox vəsaitin bələdiyyə büdcələrinə ödətdirilməsi təmin edilib.

Bələdiyyə torpaqlarından səmərəli istifadə olunması, o cümlədən əvvəlki illərdə icarəyə verilmiş torpaqların icarə haqlarının bazar məzənnələrinə uyğunlaşdırılması istiqamətində regional ədliyyə idarələri vasitəsilə bələdiyyələrlə aparılan davamlı metodoloji iş nəticəsində cari ildə 242 bələdiyyə tərəfindən icarəçilərlə qarşılıqlı razılaşma əsasında 18 min hektaradək torpaq sahəsini əhatə edən 1900-ə yaxın icarə müqaviləsi üzrə icarə haqqı məbləği 2,4 dəfə artaraq 1 milyon manata çatıb.

Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən bu tədbirlər bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə kömək və onlara metodoloji yardım məqsədi daşıyır və onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, bununla da qanunvericiliklə onlara verilmiş səlahiyyətlərinin icrasına, o cümlədən yerli əhəmiyyətli məsələlərin həllində daha operativ və səmərəli iştirakına, nəticədə yerli özünüidarəetmə orqanlarına ictimai etimadın güclənməsinə xidmət edir.

iacca
help_az
iap
eplc