Avropa Məhkəməsinin fəaliyyəti diqqət mərkəzindədir

Ədliyyə nazirinin müavini Vilayət Zahirov İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarının İcrası Departamentinin nümayəndə heyəti ilə görüşmüşdür.

Ölkəmizin Avropa Şurası, o cümlədən Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlığını qeyd edən nazir müavini dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi üzrə görülən kompleks tədbirlər haqqında məlumat vermiş, bu islahatlardan danışaraq, Azərbaycanda hakimlərin seçim prosedurunun Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi qiymətləndirildiyini vurğulamışdır. Nazir müavini həmçinin bildirmişdir ki, məhkəmə qərarlarının icrası ölkə Prezidentinin nəzarətindədir və bu sahədə iş yükünün ilbəil kəskin artmasına baxmayaraq vəziyyətin yaxşılaşdırılması üçün daim təsirli tədbirlər görülür.

Eyni zamanda, Avropa Məhkəməsinin qərarlarının icrasına mühüm önəm verilərək bu sahədə görülən işlər qeyd olunmuş, həmin Məhkəmənin səmərəliliyin artırılmasına həsr olunmuş Avropa ədliyyə nazirlərinin 2010 və 2011-ci illərdə keçirilmiş konfranslarında qoyulmuş vəzifələrin implementasiyası, o cümlədən presedent hüququnun öyrənilməsi və tətbiqi, maarifləndirmə tədbirlərinin gücləndirilməsi üzrə işlər vurğulanmış, Avropa Məhkəməsi hakimlərinin ölkəmizə müntəzəm səfərləri, hakim və hakimliyə namizədlərin tədrisində fəal iştirakı təqdir edilmişdir.

Səmimi qəbula görə minnətdarlığını bildirən qonaqlar təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat vermiş, ölkəmizin məhkəmə-hüquq sahəsində əldə etdiyi nailiyyətlərə böyük maraq göstərərək, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etmiş, birgə layihələrin təşviq olunması ilə bağlı niyyətini söyləmişlər. Nümayəndə heyətinin diqqətinə həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20%-nin işğalı və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, bununla da vətəndaşların bir çox konvension hüquqlarının pozulması faktına cəlb edilmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

edliyye2020az
iacca
help_az
iap
eplc