Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı son müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər hazırda peşə fəaliyyətinə buraxılma məqsədilə Ədliyyə Akademiyasında icbari təlim keçirlər.

Bununla belə ədliyyə orqanlarında vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq növbəti açıq müsabiqə elan edilir.

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, o cümlədən fəaliyyət qabiliyyətli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki və əqli cəhətdən bu orqanlarda işləməyə qadir olan ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Xatırladırıq ki, müsabiqədə iştirak proseduru sadələşdirilmiş və birinci mərhələdə - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyindən (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) və ya nazirliyin internet səhifəsindən götürmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Müsabiqədə iştirak etmək üçün ərizələr 2012-ci ilin aprel ayının 10-dan etibarən yuxarıda göstərilən ünvanda qəbul olunur (əlavə məlumat internet səhifəsi və ya 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə almaq olar).

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

edliyye2020az
iacca
help_az
iap
eplc