Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib

Ədliyyə Nazirliyinin bölgələrdə yerləşən icra və probasiya, habelə qeydiyyat qurumlarının  hazırlıqlı gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti test imtahanı keçirilib.

COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla müsabiqədə iştirak üçün müraciət etmiş ilk 95 namizədlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə noyabrın 26-da fərdi qaydada, kompüter vasitəsilə keçirilib.

Test imtahanında iştirakla bağlı ərizələrin qeydiyyatı elektron xidmət vasitəsilə aparılmaqla namizədlərə yalnız müvafiq ərizə təqdim etmələri kifayət olub. Namizədlərin təxminən yarısı regionların, digər yarısı isə ölkəmizin bölgələrində işləmək istəyən paytaxt sakinləridir, əksəriyyəti əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyən gənclər və hər üç nəfərdən biri qadınlardır.

İmtahanı vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri izləyib, həmçinin tədbirin gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb.

İmtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə 46 nəfər müvəffəqiyyət qazanıb. Siyahı nazirliyin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Uğur qazanmış namizədlərin diqqətinə çatdırılır ki, müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün onlar qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqındaQanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.

Eyni zamanda qeyd olunur ki, hazırda nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının ərizələrinin qəbulu davam edir (www.exidmet.justice.gov.az) və müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanı keçiriləcəkdir.

Namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında davamlı hazırlıq kursları təşkil olunur (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Əlavə informasiyanı nazirliyin internet səhifəsindən və (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.

iacca
help_az
iap
eplc