Bələdiyyələrlə iş mərkəzinin nümayəndələri torpaq sahələrinin rəsmiləşdirilməsi mövzusunda tədbirdə iştirak ediblər

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq sahibkarların bilik və bacarıqlarının artırılması, məsləhət xidmətlərinin göstərilməsi, müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin qurulması, sahibkarların üzləşdiyi çətinliklərin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədilə aidiyyəti dövlət qurumlarının və sahibkarlıq subyektlərinin iştirakı ilə görüşlər keçirilir.

Belə tədbirlərin davamı olaraq KOBİA-nın təşəbbüsü ilə torpaq sahələrinin rəsmiləşdirilməsi mövzusunda videokonfrans keçirilib. 60-a yaxın sahibkarla yanaşı, tədbirdə aidiyyəti dövlət qurumlarının, o cümlədən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan torpaq sahələrinin ayrılması sahəsində kiçik və orta biznes subyektlərinin qarşılaşdıqları çətinliklər, onların torpaq sahələrinə olan ehtiyaclarının ödənilməsi vəziyyəti və s. məsələlər ətraflı müzakirə olunub.

Eyni zamanda Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Elmin Həsənov və Mərkəzin böyük məsləhətçisi Səfa Cəfərov tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri, müvafiq qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə ayrılması, torpaqların satış qiymətlərinin və icarə haqlarının müəyyən edilməsi qaydaları və digər aidiyyəti məsələlərlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.

iacca
help_az
iap
eplc