IMAGE

Bələdiyyələr üçün seminar-müşavirələr keçirilib

Bələdiyyələrə metodoloji köməklik göstərilməsi istiqamətində Ədliyyə Nazirliyinin həyata keçirdiyi davamlı tədbirlər çərçivəsində nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrdə seminar-müşavirələr keçirilib.

Tədbirlərdə bələdiyyələri maraqlandıran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb, o cümlədən torpaq və əmlak vergisi üzrə qeydiyyatın dəqiqləşdirilməsinin qısa müddətdə başa çatdırılması, habelə vergilərin hesablanmasında və büdcəyə tam mədaxil edilməsində qanunvericiliyin tələblərinə dönmədən əməl olunması, yerli büdcəyə daxilolmaların artırılması, ərazidə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin hesabatlığının təmin edilməsi və bu sahədə məsuliyyət hissinin artırılması, vəsait ayrılarkən büdcənin xərc istiqamətlərinə istinad edilməsi, yerli büdcənin icrası barədə hesabatların dəqiq və əhatəli hazırlanması, yerli sakinlərin həmin hesabatlarla tanış ola bilmək imkanının yaradılması, o cümlədən sosial şəbəkələrin imkanlarından istifadə edilməsi tövsiyə edilib.

Seminarlarda həmçinin, bələdiyyələrin idarəetmə xərclərinin maksimum azaldılması, icra aparatının səmərəli qurulması, yerli büdcə vəsaitlərinin daha çox yerli əhəmiyyətli məsələlərin həllinə, müxtəlif sosial layihələrin maliyyələşdirilməsinə yönəldilməsi məsələlərinə toxunulub.

Eyni zamanda bələdiyyələrdə kargüzarlığın və sənədlərin arxivləşdirilməsinin qanunvericiliyin tələblərinə uyğun təşkili barədə müvafiq izahlar verib və yerində metodik köməklik göstərilib.

Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

iacca
help_az
iap
eplc