04-12-2008 | 04:02 1701
Dekabrın 4-də Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) ölkəmizdəki fəaliyyətinin 10 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stankina ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlığa mühüm önəm verdiyini vurğulayaraq, dövlətlərimiz arasında hüquqi sahədə əlaqələrin inkişaf etdirilməsində GTZ-nin rolunu qeyd etmiş və bu tədbirin GTZ-nin Azərbaycandakı 10 illik səmərəli fəaliyyəti nəticəsində əldə edilmiş nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə keçirildiyini bildirmişdir.
Ədliyyə nazirinin müavini T.Musayev tərəfindən tədbirdə çıxış edilərək, zəngin demokratiya ənənələrinə və qabaqcıl məhkəmə-hüquq sisteminə malik olan Almaniya ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin Azərbaycan üçün həmişə xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilmiş və hələ 1998-ci ildə iki ölkə arasında “Texniki əməkdaşlıq haqqında” Sazişin imzalanması ilə hüquqi sahədə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyi bildirilmişdir. Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq edən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən respublikada uğurla aparılan məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilmiş bir sıra layihələri yüksək qiymətləndirən T.Musayev GTZ-nin fəaliyyətini bir neçə istiqamətə ayırmışdır: qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə inzibatçılığı və idarəçiliyinin müasirləşdirilməsi, hüquqşünas kadrların tədrisi, hüquq mədəniyyətinin inkişafına və hüquqi maarifləndirmə işinə dəstək. Nazir müavini qeyd olunan dövr ərzində alman mütəxəssislərinin mülki və mülki - prosessual qanunvericilik, Beynəlxalq xüsusi hüquq və Beynəlxalq Arbitraj, Məhkəmə qərarlarının icrası və İnzibati icraat, vəkillik fəaliyyəti haqqında və digər qanun layihələrinin hazırlanmasında fəal iştirak etdiklərini, hakimlərin, prokurorların və ədliyyə işçilərinin tədrisi və beynəlxalq təcrübə mübadiləsi, həmçinin hüquqşünas kadrların müasir hüquq ədəbiyyatı ilə təmin edilməsi sahələrində gördükləri mühüm işləri xüsusi qeyd etmişdir.
GTZ-nin Azərbaycanda 10 illik fəaliyyəti dövrünün yarısından çox hissəsində “Məhkəmə və hüquq islahatlarına dəstək” layihəsinə uğurla rəhbərlik etmiş Tomas Hermanın səmərəli fəaliyyətini qeyd edən T.Musayev onun təşəbbüsü ilə keçirilmiş konfrans, seminar və treninqlərin, çap olunmuş hüquq ədəbiyyatının əhəmiyyətini xüsusi vurğulamışdır. Çıxışının sonunda T.Musayev, Azərbaycanda məhkəmə və hüquq islahatlarının keçirilməsində göstərdiyi xidmətlərinə görə Tomas Hermanın təltif edilməsi haqqında ədliyyə naziri Fikrət Məmmədovun əmrini elan edərək, ona «Azərbaycan Ədliyyəsinin 90 illiyi Xatirə Medalı»nı təqdim etmişdir.
Tədbirdə Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyev, hakimlər, ədliyyə işçiləri və hüquq ictimaiyyətinin digər nümayəndələri iştirak etmişlər.