Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

Respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə korrupsiyaya qarşı qəti mübarizə aparılır, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm önəm verilir.

Ölkəmiz dünyada korrupsiyaya qarşı mübarizə aparan qurumları birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi beynəlxalq antikorrupsiya əməkdaşlığına dəyərli töhfələr verir. Respublikamızın nümayəndəsi IAACA-nın vitse-prezidenti seçilərək qurumun işində fəal iştirak edir.

Mətbuatda xəbər verildiyi kimi, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə Hindistanda səfərdədir və İAACA-nın vitse-prezidenti kimi Assosiasiyanın aprelin 8-10-da Nyu Delidə təşkil olunmuş İcraiyyə Komitəsinin iclasında iştirak etmişdir.

Tədbiri Hindistanın Hökuməti adından dövlət naziri V.Narayanasami açmış, giriş sözü ilə IAACA-nın Prezidenti - Çinin Baş prokuroru Çao Cianminq çıxış etmişdir.

İclasda korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın və bu sosial bəla ilə qlobal səviyyədə mübarizənin gücləndirilməsi, antikorrupsiya orqanları fəaliyyətinin daha mükəmməl əlaqələndirilməsi üçün təsirli mexanizmlərin tətbiqi, bu sahədə çevikliyin təmin olunması və digər aktual məsələlər müzakirə olunmuş, Assosiasiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə tədbirlərə, o cümlədən ölkəmizin ekspertlərinin iştirakı ilə hazırlanmış IAACA-nın Strateji Proqramına baxılmışdır. IAACA-nın vitse-prezidenti kimi Azərbaycanın ədliyyə naziri mühüm təşkilati məsələlərə dair əsas məruzəçi qismində çıxış edərək konkret təkliflər irəli sürülmüş və müzakirələrin nəticəsi üzrə müvafiq qərarlar qəbul olunmuşdur.

Yığıncaq zamanı Hindistanın dövlət naziri V.Narayanasami, bu ölkənin əsas antikorrupsiya orqanı olan - Mərkəzi Sayıqlıq Komissiyanın sədri P.Kumar, bir sıra digər dövlətlərin ədliyyə, prokurorluq və s. hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlər keçirilmiş, ölkəmizdə həyata keçirilən qəti antikorrupsiya tədbirləri barədə məlumat verilmiş, əməkdaşlığa dair faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Çinin Baş prokuroru, IAACA-nın Prezidenti Ç.Cianminq ilə keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin ardıcıl inkişafı, hüquqi əməkdaşlığın genişləndirilməsi vurğulanmışdır. Çinin Baş prokuroru dövlətimizin korrupsiya ilə mübarizəyə, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığa verdiyi diqqəti yüksək qiymətləndirərək Azərbaycanın IAACA-nın inkişafına göstərdiyi dəstəyi və dəyərli töhfələrini xüsusi qeyd etmişdir.

Həmçinin, Çinin Baş prokurorunun yaxın günlərdə ölkəmizə ediləcək səfəri ilə bağlı məsələlər müzakirə olunmuşdur.

iacca
iap
business ready
eplc
Ən Tez