Ən qədim zamanlardan XX əsrin
əvvəllərinədək
XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan
xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.
Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa
başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azıx, Tağlar, Damcılı,
Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji
tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın - Azıx
adamının (Azıxantrop) çənə sümüyü bu diyarın dünyanın ən qədim insan
məskənlərindən biri olduğunu sübut edir.
Azərbaycanlılar həm də dünyanın ən qədim dövlətçilik ənənələrinə
malik olan xalqlarındandır. Tarixi Azərbaycan torpaqlarında dövlətçilik
ənənələrinin təqribən 5 min illik tarixi var. Azərbaycan ərazisində ilk dövlət
qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu
- III minilliyin əvvəllərindən başlay araq yaranıb.
Eramızdan əvvəl I minilliyin və bizim eranın I minilliyinin
əvvəllərində Azərbaycan torpaqlarında Manna, Midiya, Atropatena və Albaniya
kimi qüvvətli dövlətlər mövcud olub.
Manna dövləti yalnız Azərbaycanın deyil, eləcə də dünyanın
dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur. Manna bütün regionda baş
verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını
ələ keçirməyə çalışan qüvvətli qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı
mübarizə aparırdı.
Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən
başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin
iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa
başladılar.
Sonrakı dövrlərdə nə Əhəməni-İran imperiyasının uzun sürən işğal
rejimi, nə də Makedoniyalı İsgəndərin yürüşləri Azərbaycanın qədim dövlət
idarəçiliyi mədəniyyətini məhv edə bilməyib.
Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra
Azərbaycan dövlətçiliyi yenidən dirçəlib. Ölkəmizin cənub
torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəlib.
Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq
dövrlərindən biri ilə qarşılaşdı:
III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb
xilafəti işğal etdi. İşğalçılar ölkəyə çoxsaylı irandilli və ərəb mənşəli əhali
köçürdülər. Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə
və ən məhsuldar torpaqlarda yerləşdirildi, onlara geniş
imtiyazlar verildi. Lakin bütün bunlar Azərbaycanın qədim
dövlətçilik ənənələrini məhv edə bilmədi və Azərbaycan xalqının təşəkkülü
prosesi davam etdi. Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin
imperiyaların tərkibində olması nəticəsində ölkənin bütün bölgələri arasında
daxili əlaqələr, ilk növbədə, ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və
cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin
yaranması yolunda mühüm irəliləyiş baş verdi.
Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın
qədim dövlətçilik ənənələri yenidən dirçəldi: Azərbaycan torpaqlarında Sacilər,
Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Siyasi,
iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verdi. 600 ilə qədər
davam edən sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin yaranması, İslam
dininin bütün ölkə ərazisində yayılması Azərbaycanın sonrakı inkişafında mühüm
rol oynadı. Lakin Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış dövlətlərdən
heç biri uzun tarixi dövr ərzində Azərbaycanın bütün ərazisini əhatə edən
vahid, davamlı, qüdrətli dövlətə çevrilə bilmədi və davamlı siyasi sabitlik
təmin olunmadı. Azərbaycan Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd
keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq
imperatorluğunun tərkibinə daxil edildi.
Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən
Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik
ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar.
Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər
dövləti xalqımızın etnik-siyasi tarixində xüsusi çəkiyə malikdir. Azərbaycan
intibahı özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı.
XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da
zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi
dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm
amil dövlətin daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, onun
hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını
genişləndirir, xalqın maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə
əlverişli şərait yaradırdı.
XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi
özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi,
görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz
hakimiyyəti altında birləşdirə bildi.
Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan
dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə
Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Şah İsmayıl, Şah
Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının fəaliyyəti, uğurlu daxili və
xarici siyasəti nəticəsində Səfəvi dövləti qısa müddətdən sonra Yaxın və Orta
Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli
Azərbaycan sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperiyasının
sərhədlərini daha da genişləndirdi. Bu böyük hökmdar 1739-cu ildə Dehli də
daxil olmaqla, Şimali Hindistanı ələ keçirdi. Lakin onun bu geniş ərazidə
qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın
ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.
Beləliklə, XVIII əsrin ikinci yarısında Azərbaycan xırda
dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi
tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa
çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində
birləşdirməyə çalışsalar da, bu, heç bir nəticə vermədi. Siyasi pərakəndəlik
daha da dərinləşdi.
Bununla da Azərbaycanı işğal etməyə çalışan yadelli
təcavüzkarların əlinə çox əlverişli fürsət düşdü. Azərbaycan iki böyük dövlət
arasında qanlı müharibələr meydanına çevrildi.
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən
Azərbaycan torpaqları iki imperiya arasında bölüşdürüldü: Azərbaycanın şimalı
Rusiyaya, cənubu isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı.
Buna baxmayaraq, vətənpərvər insanların, görkəmli ziyalıların
fəaliyyəti sayəsində Azərbaycan xalqının mənəvi inkişafı təmin edildi, onun
tarixi yaddaşı, milli mədəniyyəti qorunub saxlandı.
Azərbaycan maarifçilik hərəkatı tariximizin ən vacib dövrlərindən
birini təşkil etdi. Bu mərhələnin Azərbaycan xalqının mədəni və siyasi
dirçəlişindəki rolu əvəzsizdir.
Birinci
Respublika: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
1918-ci il mayın
28-də müsəlman Şərqində ilk demokratik parlament respublikası – Azərbaycan Xalq
Cümhuriyyəti elan edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə
götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə
yerinə yetirdi. Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu sahəsində
ciddi tədbirlər həyata keçirildi, ilk parlament və hökumət, dövlət aparatı,
idarəetmə institutları formalaşdırıldı, ölkənin sərhədləri müəyyənləşdirildi,
qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, ərazi
bütövlüyü və milli təhlükəsizliyin təmin edilməsi üçün mühüm işlər görüldü,
dövlət bayrağı, himni və gerbi qəbul edildi, ana dili dövlət dili elan olundu,
maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi və xalqın, milli
dövlətçiliyin sonrakı illərdə hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyət kəsb
edən digər mühüm məsələlərin həlli istiqamətində məqsədyönlü addımlar atıldı.
Mövcudluğunun ilk
günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan
Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək
irqi,
milli, dini, sinfi
bərabərsizliyi ortadan qaldırdı. Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən
xeyli əvvəl Azərbaycanda qadınlara seçki hüququ verildi.
Təəssüf ki,
Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri olduqca mürəkkəb tarixi
şəraitdə - erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti və özlərinə dövlət qurmaq üçün torpaq iddiaları irəli sürməsi
şəraitində, Batumi danışıqları nəticəsində əldə edilmiş kompromis varianta
əsasən İrəvanın paytaxt kimi Ermənistana verilməsi oldu. Bu böyük tarixi səhv
Azərbaycan xalqının həyatında növbəti faciələrə və ermənilərin davamlı
ekspansiyasına yol açdı.
1918-ci il
dekabrın 7-də saat 13:00-da H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan
Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün Müsəlman Şərqində o dövrün ən
mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici
orqan idi. Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti dövründə qəbul
etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və
iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan
verdi.
Azərbaycan Xalq
Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı
əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri
əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Xalq Cümhuriyyətinin fəaliyyəti
sayəsində Azərbaycanın beynəlxalq hüququn subyektinə çevrilməsi 1920-ci ilin
aprel ayındakı bolşevik işğalından sonra onun bir dövlət kimi dünyanın siyasi
xəritəsindən silinməsinin qarşısını aldı.
İkinci Respublika:
Azərbaycan sovet hakimiyyəti illərində (1920-1991)
1920-ci il aprelin
28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildi. Sovet hakimiyyəti
dövründə Azərbaycan dövlətçiliyi çətin sınaqlar qarşısında qaldı. 1920-1922-ci
illərdə Azərbaycanın artıq beynəlxalq birlik tərəfindən de-fakto tanınmış müstəqilliyi
formal olaraq qismən qorunub saxlandı. 1922-ci ilin martında Cənubi Qafqazın üç
respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan) vahid dövlət - Zaqafqaziya
Sovet Sosialist Respublikaları Federativ İttifaqı (ZSSRFİ) çərçivəsində
birləşdirildi və bununla da formal müstəqillik tam aradan qaldırıldı.
Sovet İttifaqı
dövründə Zəngəzur, Göyçə, Naxçıvanın bir hissəsi və digər rayonlar
Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Nəticədə, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə 114 min kvadratkilometrə bərabər olan ölkə ərazisi 86,6
min kvadratkilometrə qədər azaldıldı. Bundan başqa, 1923-cü il iyulun 7-də
bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu
qərar Dağlıq Qarabağın Azərbaycan ərazisindən ayrılması istiqamətində atılmış
birinci addım oldu.
Azərbaycanda sovet
hakimiyyətinə qarşı müqavimət qəddarcasına, sürgünlərlə, repressiyalarla
cavablandırıldı. 1937-ci il repressiyaları zamanı sovet hakimiyyəti ilə
barışmayan Azərbaycan xalqının görkəmli ziyalılarının əksəriyyəti müxtəlif
bəhanələrlə həbs edildi, Sibirə, Qazaxıstan çöllərinə sürgün edildi, bir çoxu
güllələndi.
Azərbaycan xalqı
II Dünya müharibəsi illərində böyük fədakarlıq göstərdi, Azərbaycan
diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdilər. Bakı nefti faşizm
üzərində qələbənin əldə olunmasında mühüm rol oynadı.
1969-cu il iyulun
14-də Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi Azərbaycanın qarşısında
duran bir çox taleyüklü suallara aydın cavablar tapılması və onların
ardıcıllıqla həll edilməsi baxımından tarixi hadisə oldu.
1970-1980-ci
illərin əvvəllərində respublika iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə
həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən çoxsaylı sənaye
müəssisələrinin, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal
sahələrinin yaradılması iqtisadi infrastrukturu köklü surətdə dəyişdirdi, onun
aqrar respublikadan daha çox sənaye yönümlü respublikaya çevrilməsinə zəmin
hazırladı.
Beləliklə, bütün
məhrumiyyətlərə baxmayaraq, sovet hakimiyyəti illərində, xüsusilə 1969-1982-ci
illərdə əldə olunmuş nəhəng potensial XX əsrin sonunda yenidən müstəqilliyinə
qovuşmuş dövlətimiz üçün çox gərəkli oldu.
Üçüncü Respublika:
Azərbaycan Respublikası
1991-ci il
oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinə qovuşarkən özünü Xalq
Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi və qədim dövlətçilik
ənənələrinə sadiq qaldığını göstərdi.
Az müddət sonra
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa edildi.
Xalqın iradəsi ilə
müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə
fəaliyyət göstərməyə başladı.
Ermənistanın
Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili
çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi. Azərbaycan Xalq
Cəbhəsi-Müsavat iqtidarı yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə
çatdırdı.
1993-cü ildə
xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra vəziyyət dəyişməyə başladı.
1993-cü il iyunun
15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin
gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis iyunun 23-də
prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.
Xalq öz rəhbəri
Heydər Əliyevin ətrafında daha sıx birləşdi. 1993-cü il oktyabrın 3-də Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Müstəqil dövlət
quruculuğu, onun təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin edilməsi,
iqtisadiyyatın bərpa olunması, demokratik inkişaf, Azərbaycanın beynəlxalq
əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyası Heydər Əliyevin milli
inkişaf strategiyasının başlıca konturlarını təşkil etdi.
Məhz Heydər
Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət
müstəqilliyi qorunub saxlanıldı və ümummilli liderin hakimiyyətdə olduğu
1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi daxil oldu.
2003-cü ildən
ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu mərhələdə
enerji resurslarının ixracından əldə olunan gəlirlərin xüsusi bir qismi
iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, cəmiyyət
həyatının bütün sahələrinin yeniləşdirilməsi və müasirləşdirilməsinə
yönəldildi. Ardıcıl şəkildə qəbul olunmuş və həyata keçirilmiş çoxsaylı dövlət
proqramları, reallaşdırılmış xüsusi layihələr güclü iqtisadi potensialın
formalaşdırılması, insan kapitalının səfərbər edilməsi və səmərəli istifadəsi,
ölkənin bütün sahələr üzrə müasir infrastrukturlarının yaradılması, əhalinin
rifahının yüksəldilməsini təmin etdi. Bu gün Azərbaycan dünyada müstəqil
siyasət yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur.
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasəti
Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə dəstəklənir. 2003-cü ildən
sonrakı dövrdə keçirilmiş bütün seçkilərin nəticələri bu dəstəyin bariz
nümunəsidir.